ATİAHİ Kəlbəcər rayon komitəsi Bərdə, Tərtər və Yevlax rayonlarında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaradılmasının 30 illik yubileyi münasibətilə tədbirlər keçirib.
Tərdbirlərdə təhsil sahəsində çalışan ittifaq üzvləri iştirak ediblər.
Rayon komitəsinin sədri M.Əbdülrəhmanov hər üç tədbirdə çıxış edərək Azərbaycan həmkarlar ittifaqlarının tarixindən, inkişaf yolundan, AHİK-in yaradılmasının tarixi əhəmiyyətindən, funksiyalarından bəhs edib. Bildirib ki, Konfederasiya öz sıralarında 1,5 milyonadək həmkarlar ittifaqı üzvünü birləşdirir. Quruma 27 həmkarlar ittifaqı mərkəzi, o cümlədən 501 şəhər, rayon həmkarlar ittifaqı təşkilatı, 60 birləşmiş həmkarlar ittifaqı komitəsi, 14202 ilk həmkarlar ittifaqı təşkilatı daxildir. AHİK yarandığı gündən işçilərin sosial təminatlarına dair qanun və proqramların, normativ hüquqi sənədlərin işlənib hazırlanmasında fəal iştirak edir. İndiyədək qanunverici və icra orqanlarının hazırladığı 544-dən çox qanun layihəsinə təkliflərini verib.
Komitə sədri həmçinin AHİK-in beynəlxalq əlaqələrindən, xarici ölkələrin müvafiq qurumları ilə əməkdaşlığından danışıb.
Rayon məktəblərinin həmkarlar ittifaqı sədrləri AHİK-in sosial layihələrindən, şəhid ailələrinə qayğısından, əmək hüquqlarının qorunması istiqamətində atdığı addımlardan söz açıblar.
Sonda fəal həmkarlar ittifaqı üzvlərinə fəxri fərmanlar təqdim olunub.