Kəlbəcərli müəllimlər mükafatlandırılıb

ATİAHİ Kəlbəcər rayon komitəsinin təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbir keçirilib.
Öncə Ulu Öndər Heydər Əliyevin büstü və şəhidlər kompleksi önünə gül dəstələri qoyulub, ruhlarına ehtiram göstərilib.
Tədbirdə rayonun 250-də artıq təhsil işçisi iştirak edib. Çıxış edənlər Azərbaycan müəlliminin şərəfli missiyasından danışıblar. Bildirilib ki, hər bir cəmiyyətin aparıcı və ziyalı təbəqəsi sayılan, bütün həyatını gənc nəslin təhsilinə, maariflənməsinə həsr edən müəllimlər ənənəvi olaraq bu il də oktyabr ayının 5-də peşə bayramlarını - Beynəlxalq Müəllimlər Gününü qeyd edirlər. Bu tarixi gün bütövlükdə bəşər miqyasında müəllimlərin xoşməramlı və xeyirxah fəaliyyətinə verilən yüksək qiymətin, dərin və ülvi hörmətin ifadəsi kimi əlamətdardır. Qeyd olunub ki, sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq bu gün də hər bir azərbaycanlı cəmiyyətdəki mövqeyinə, qazandığı biliklərə, ümumən, bir şəxsiyyət kimi formalaşmasına görə özünü məhz xeyirxah müəllimlərinə borclu sayır. Hansı ölkədə fəaliyyət göstərmələrindən asılı olmayaraq, müəllimlər cəmiyyətin ən nüfuzlu, ən mötəbər insanlarıdır. Müəllimə qayğı cəmiyyətə, vətənə, onun bugününə və sabahına qayğı deməkdir.
Tədbirdə iştirak edən müəllimlərə rayon komitəsi tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.
Təhsil işçiləri onlara göstərilən ali hörmətdən və qayğıdan razılıqlarını ifadə ediblər. 
 
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo